Azərbaycanda “Funksiyalar nəzəriyyəsi” məktəbinin yaradıcısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik İbrahim İbiş oğlu İbrahimovun anadan olmasının 110 ili tamam olur. İbrahim müəllim 1935–ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1936–cı ildə aspiranturaya qəbul olunmuş və Moskva şəhərinə ezam olunmuşdur. Görkəmli riyaziyyatcı A.O.Qelfondun elmi rəhbərliyi ilə 1939-cu ildə namizədlik, 1947-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi almış ilk azərbaycanlıdır. O, həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim idi. Funksiyaların yaxınlaşma nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı sahəsində qiymətli tədqiqatlar aparmış görkəmli riyaziyyatcılar M.V.Keldış və A.O.Qelfond ilə birlikdə yazdığı elmi məqalələr dünya riyaziyyat elmində iz qoymuşdur. Akademik S.N.Bernşteynin xatirəsinə həsr olunmuş Beynəlxalq konfransda onun yaradıcılığı haqqında məruzənin İbrahim müəllimə tapşırılması onun nüfuzunun göstəricisidir. İbrahim müəllim 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1968-cı ildə isə həqiqi üzvü secilmişdir. Akademik İbrahim İbrahimov müxtəlif illərdə Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri olmuş, 1958-ci ildən ömrünün sonuna kimi AMEA RMİ-da (1959-1963-cü illərdə direktor) müxtəlif vəzifələrdə calışmışdır. Onun rəhbərliyi ilə 40-dan çox namizədlik və 6 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 170-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiya və 5 dərsliyin müəllifidir.